Avropa tarixində yeni rəng tapılıb | FOTO

   Avropa tarixində yeni rəng tapılıb |    FOTO
  27 Noyabr 2025    Oxunub:681
Almaniyanın Münheym qəsəbəsində aparılan arxeoloji qazıntılar nəticəsində mütəxəssisləri təəccübləndirən nadir daş üzə çıxarılıb.
Məlumata görə, arxeoloji qazıntı və tədqiqat işləri Danimarkanın Orhus Universiteti tərəfindən həyata keçirilir. Universitetin mütəxəssisləri diqqətə çatdırırlar ki, təqribən 13 min il tarixə malik daşın üzərində həmin dövr üçün gözlənilməz sayılan mavi rəng çalarının izləri aşkarlanıb. Tapıntı bütünlüklə Avropanın incəsənət tarixini kökündən dəyişdirir.

Alimlərin fikrincə, daşdakı mavi çalar azurit parçasıdır:

"Bu kəşf Avropada indiyədək aşkarlanmış ən qədim mavi rəngdir. Çünki elm aləmində belə qənaət vardı ki, Paleolit dövrünün sənətkarları öz əsərlərində yalnız qara və qırmızı rəngləri işlədiblər. Hərçənd hazırkı fakt qarşısında isə o dövrün rəngləri haqqında bütün bildiklərimiz öz dəyərini itirir. Aparılan qazıntılarda əvvəllər hər hansı mavi artefakt aşkarlanmayıb. Bu məqam da belə açıqlanır ki, həmin çağda mavi rəngli materiallar ya çox nadir tapılırdı, yaxud sənətkarlar onun istifadəsinə maraq göstərmirdilər".

Tədqiqatda bildirilir ki, üzə çıxarılan daş, ehtimal ki, palitra, yəni üzərində rənglərin qarışdırıldığı material imiş:

"Bu fakt bizi daha da təəccübləndirir. Paleolit dövrünün sənət anlayışı və texnikası düşündüyümüzdən qat-qat çox inkişaf tapıbmış".

Mütəxəssislər söyləyirlər ki, bu tapıntı bütövlükdə bəşər tarixində, insanın müxtəlif sahələrdə özünü təsdiqləmə üsullarında rəngin rolu barədə yeni tədqiqatlara zəmin açır.

Firudin Həmidli
AzVision.az


Teqlər: arxeologiya   tarix   incəsənət   rəng  



Xəbər lenti